Maka Boçorşvili: Gürcüstan güc mərkəzləri arasında birləşdirici rol oynayır – ÖZƏL
10:57 DünyaOlaylar.az xəbər verir ki, Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsindəki panel müzakirəsində çıxış edən Gürcüstanın xarici işlər naziri Maka Boçorşvili ölkəsinin beynəlxalq siyasətdəki birləşdirici rolundan və çoxvektorlu diplomatiyanın önəmindən danışıb. Nazir qeyd edib ki, qlobal geosiyasi transformasiyalar və artan iqtisadi rəqabət fonunda müxtəlif regionlar arasında bağlayıcı bənd olan ölkələrin əhəmiyyəti getdikcə artır.
Gürcüstanın fərqli güclərin və maraqların kəsişməsində yerləşdiyini vurğulayan Boçorşvili, bu vəziyyətin xüsusi ehtiyatlılıq tələb etdiyini bildirib. Çıxışında Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi birləşdirən "Orta Dəhliz" layihəsinə toxunan nazir, bu marşrutun artıq sadəcə nəqliyyat xətti deyil; ticarət, energetika və rəqəmsal kommunikasiyaların kəsişdiyi yeni strateji geo-iqtisadi məkana çevrildiyini vurğulayıb.
Sonda ölkəsinin daxili və xarici siyasətində əsas hədəfin sülhün qorunması olduğunu qeyd edən Boçorşvili, ərazilərinin 20%-i Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın sülhün qiymətini hamıdan yaxşı bildiyini diqqətə çatdırıb.