Cadu yazan 70 yaşlı kişini öldürdü: “Cinlər məni rahat buraxmadı”
17:50 DünyaTürkiyənin Şanlıurfa şəhərində evində ölü tapılan 70 yaşlı Mehmet Doğanın qətlinin üstü açılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Seyit Ali Sağır saxlanılıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşehir qeydiyyatında olan Mehmet Doğan uzun illər xaricdə çalışdıqdan sonra təqaüdə çıxıb. O, Şanlıurfaya olan marağı səbəbindən son bir ildə şəhərdə kirayə evdə tək yaşayırmış.
Qətllə bağlı araşdırma aparan Cinayət Axtarışı Bürosunun əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq şübhəlinin Seyit Ali Sağır olduğunu müəyyən ediblər. Polis Kamberiye məhəlləsində yerləşən metal tullantıları anbarında gizlənən şübhəlini keçirdiyi əməliyyat zamanı saxlayıb.
Seyit Ali Sağır ifadəsində bildirib ki, gecələr yata bilmədiyi üçün ortaq tanışlarının məsləhəti ilə təxminən bir həftə əvvəl Mehmet Doğanın yanına gedərək ondan özünə cadu yazmasını istəyib.
Şübhəlinin iddiasına görə, cadudan sonra vəziyyəti daha da ağırlaşıb.
"Cadu yazıldıqdan sonra cinlərin məni narahat etdiyini düşündüm. Bundan xilas olmaq üçün yenidən onun evinə getdim. Aramızda mübahisə yarandı və onu öldürdüm", - deyə Sağır ifadəsində etiraf edib.
Polisdə istintaq hərəkətləri başa çatdıqdan sonra Seyit Ali Sağır tibbi müayinədən keçirilib və barəsində hüquqi tədbir görülməsi üçün məhkəməyə göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.