Fitso Ankaraya mandatsız nümayəndə göndərmək istəyir - SƏBƏB
12:41 DünyaSlovakiyanın Baş naziri Robert Fitso NATO sammitində Ukraynaya həm maliyyə, həm də hərbi yardımın göstərilməsinə qarşı olduğunu bildirib.
Musavat.com xəbər verir ki, onun fikirlərini Slovakiyanın "Aktuality" nəşri yayıb. Baş nazir bildirib ki, o, Ankaraya bu cür qərarları təsdiqləmək üçün mandat olmayan nümayəndə heyəti göndərmək niyyətindədir.
Fitso ölkə nümayəndə heyətinin Türkiyəyə lazımi etimadnamə olmadan getməsini təmin etmək üçün gələn həftə ərzində rəsmilərlə görüşlər keçirməyi planlaşdırır: "Digər ölkələrin müharibəyə qoşulmasının qarşısını ala bilmərəm. Nə baş verə biləcəyini bilirsinizmi? Pilotsuz təyyarə buraya qəsdən və ya bilmədən uça, yaşayış binasına düşə, ölüm və ya yaralanma ola bilər və biz Üçüncü Dünya Müharibəsinə düşə bilərik. Buna görə də Slovakiya adından bəyan edirəm: müharibəyə dəstək yoxdur. Slovakiya Ukraynanın hərbi xərclərini ödəməyəcək".
Qeyd edək ki, növbəti NATO sammiti 7-8 iyul tarixlərində Türkiyənin Ankara şəhərində keçiriləcək. POLITICO-nun məlumatına görə, tədbirdə milyardlarla dollar dəyərində yeni müdafiə müqavilələrinin elan edilməsi və hərbi istehsalın əhəmiyyətli dərəcədə genişləndirilməsi gözlənilir.
Bundan əlavə, birgə bəyannamə layihəsində cari il üçün Ukraynaya 70 milyard avro yardım edilməsi nəzərdə tutulur.