Hörmüz böhranının bitməsi bazarı vurdu: Dünya birjalarında neftin SON QİYMƏTİ
11:03 DünyaDünya birjalarında "qara qızıl"ın qiyməti həftənin son iş gününün səhər seanslarında kəskin şəkildə ucuzlaşmağa başlayıb. Qiymətlərin enişinə əsas təkanverici qüvvə kimi Hörmüz boğazı vasitəsilə qlobal bazara neft tədarükünün yaxın vaxtlarda tam həcmdə bərpa olunacağı barədə formalaşan güclü gözləntilər çıxış edir.
Musavat.com xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə 1,51 dollar (2,01 faiz) geriləyərək bir barrel üçün 73,75 dollar təşkil edib.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarət əməliyyatlarında ABŞ-ın WTI markalı yüngül neftinin avqust fyuçerslərinin dəyəri də analoji templə aşağı düşüb. Sözügedən saata olan göstəricilərə əsasən, WTI nefti 1,5 dollar (2,09 faiz) ucuzlaşaraq bir barrel üçün 70,42 dollara qədər enib. Analitiklər ABŞ və İran arasında əldə olunmuş son atəşkəs razılaşması və Omanın boğazda təhlükəsiz dəhliz yaratması fonunda risklərin minimuma enməsinin neft fyuçerslərindəki spekulyativ artım təzyiqini tamamilə ortadan qaldırdığını qeyd edirlər.