Trampdan Ukraynaya dəstək: Rusiya tarixin ən ağır yanacaq böhranına doğru gedir – ÖZƏL

Ukrayna Silahlı Qüvvələri ABŞ kəşfiyyatının dəstəyi ilə Rusiyanın dərinliklərindəki hərbi obyektlərə və neft emalı zavodlarına (NEZ) zərbələrini kəskin şəkildə artırıb. 

Olaylar.az xəbər verir ki, "Financial Times" və "Kyiv Independent"in mənbələrinə görə, Fransada keçirilən G7 sammitində ABŞ Prezidenti Donald Tramp bu hücumlardan olduqca təsirləndiyini bildirib və Ukrayna lideri Vladimir Zelenskiyə Rusiya qarşısında daha cəsarətli addımlar atmağı tövsiyə edib. "Sülh güc vasitəsilə nail olunur" prinsipinə əsaslanan Trampın və komandasının artıq Moskvanın döyüş meydanında qalib gələ bilməyəcəyinə və Kiyevin mövqelərinin gücləndiyinə inandığı bildirilir. Sammit çərçivəsində Zelenski həmçinin ABŞ-dən Ukraynada "Patriot" sistemləri üçün raketlərin istehsalı lisenziyasının alınması barədə ilk dəfə müsbət reaksiya aldıqlarını və indi hər şeyin Trampın şəxsi razılığından asılı olduğunu qeyd edib.
Bu siyasi dəstək fonunda Ukraynanın Rusiya enerji sektoruna qarşı apardığı kampaniya artıq ciddi fəsadlar törədib. 

"Bloomberg"in məlumatına görə, may ayında Ukrayna PUA-ları Rusiya NEZ-lərinə rekord sayda - 30 hücum reallaşdırıb. "Energy Intelligence" analitiklərinin hesablamalarına əsasən, iyunun əvvəlində Rusiyada gündəlik neft emalı həcmi son 21 ilin minimumuna - 4 milyon bareldən aşağı düşüb və ölkənin ümumi NEZ güclərinin demək olar ki, üçdə biri sıradan çıxıb. Nəticədə Rusiyanın 50-dən çox regionunda yanacaq satışına məhdudiyyətlər tətbiq edilib və ekspertlər ölkənin öz tarixinin ən ağır yanacaq böhranına doğru irəlilədiyini vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31