Peskovdan Ukrayna üçün qorxulu proqnoz: "Geri dönülməz fəsadlar yaranacaq"
12:26 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov cəbhədəki cari vəziyyəti qiymətləndirərək bəyan edib ki, döyüş meydanında vəziyyət Kiyev üçün hər ötən gün daha da pisləşir və tezliklə Ukrayna üçün geri dönülməz fəsadlar yaranacaq.
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü keçirdiyi brifinqdə hərbi əməliyyatlar, daxili siyasi proseslər və qlobal iqtisadiyyatla bağlı bir sıra digər mühüm bəyanatlarla da çıxış edib. Peskov Rusiya Silahlı Qüvvələrinin hazırda bütün cəbhə xətti boyu uğurla irəlilədiyini idarə edərək bildirib: "Kiyev rejimi öz nasist təbiətinə sadiq qalaraq, əlində olan son imkanlarla Rusiya Federasiyasının mülki infrastruktur obyektlərinə zərbələr endirməyə çalışır. Ukrayna rəhbərliyinin törətdiyi bütün bu cinayətlər göz qabağındadır və onlar mütləq hüquqi məsuliyyətə cəlb edilməlidirlər".
O həmçinin əlavə edib ki, müvafiq Rusiya dövlət qurumları və hərbi idarələr Ukrayna Silahlı Qüvvələrinin mülki obyektlərə hücumlarının fəsadlarını minimuma endirmək üçün gecə-gündüz gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Daxili siyasi gündəmə toxunan mətbuat katibi Rusiyada keçiriləcək parlament seçkiləri ilə bağlı yayılan şayiələrə son qoyub. Peskov vurğulayıb ki, Rusiya rəhbərliyi Dövlət Dumasına gözlənilən növbəti seçkilərə tam şəkildə hazırlaşır və səsvermənin müddətinin hər hansı formada başqa vaxta keçirilməsi məsələsi qətiyyən müzakirə mövzusu deyil. Çıxışının sonunda qlobal maliyyə sistemindəki dəyişiklikləri şərh edən Kreml rəsmisi beynəlxalq arenada ABŞ dollarının mövqeyinin zəiflədiyini, dolların dünya ehtiyat valyutası kimi payının davamlı olaraq azalması tendensiyasının aşkar şəkildə özünü büruzə verdiyini diqqətə çatdırıb.