Zelenskinin xanımı Qdanska BURAXILMADI
12:05 DünyaUkrayna prezidentinin xanımı Yelena Zelenskayanın Polşanın Qdansk Universitetində nəzərdə tutulan mühazirəsi ləğv olunub.
Musavat.com xəbər verir ki, bu qərar Ukrayna Silahlı Qüvvələrinin (USQ) "UPA qəhrəmanları"nın adını daşıyan bölməsi ətrafında yaranmış ciddi skandal fonunda qəbul edilib.
Polşanın "Wirtualna Polska" nəşrinin yaydığı məlumata görə, Y.Zelenskaya Ukraynanın bərpasına həsr olunmuş konfransda iştirak etmək üçün Qdanska gəlməyəcək.
İlkin plana əsasən, Yelena Zelenskaya Ukraynanın Bərpası Konfransı çərçivəsində həyat yoldaşı Volodimir Zelenski ilə birlikdə çıxış etməli idi. Bundan əlavə, onun Qdansk Universitetinin platformasında təşkil olunacaq "Gələcəyin bacarığı kimi identiklik: təhsil, məsuliyyət və liderlik" mövzusundakı debatda da iştirakı planlaşdırılırdı.
"Zelenskayanın mühazirə oxuyacağı gözlənilirdi. Lakin onun iştirakı ləğv edilib. Bu xəbəri universitetin mətbuat katibi Maqdalena Neçuya-Qonişevska "Wirtualna Polska" nəşrinə rəsmən təsdiqləyib", - deyə mənbə qeyd edir.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də Varşava ilə yaşanan növbəti fikir ayrılığı və münaqişə səbəbindən respublikanın bərpasına dair konfransda iştirak etmək üçün Polşaya getməyəcəyini bəyan edib.