Polşa Aİ üzv ölkələrində Ukraynanın Aİ üzvlüyünə qarşı lobbiçilik edir?- ÖZƏL

"Rusiyanın güclənən zamanında qorxan Avropa (o cümlədən Polşa) Ukraynaya qeyd-şərtsiz dəstək verir, arxandayıq deyir, Rusiya ilə vuruş deyir. İndi Rusiya həmin Rusiya deyil və hərtərəfli çöküb. Ukrayna Rusiya səmalarında at oynadır. Amma, həm də Ukrayna 4 ildir Avropa İttifaqına (Aİ) üzvlüyə rəsmi namizəddir və bir çox şərtləri də yerinə yetirib. Belə bir məqamda Ukraynaya aydın olur ki, Polşa əl altından Aİ üzv ölkələrində Ukraynanın Aİ üzvlüyünə qarşı lobbiçilik edir, təbliğat aparır. Əsas arqument də budur ki, Ukrayna Aİ-na üzv olarsa, Polşa fermerləri (o cümlədən bir sıra Aİ üzv ölkələrinin fermerləri) Ukrayna fermerləri ilə qiymət və kəmiyyət baxımından rəqabət apara bilməyəcəklər. Kənd təsərrüfatının və sənayenin bəzi sahələrində Ukrayna dominant mövqeyə malik ola bilər". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: 

"Bu Avropanın müxtəlif bəhanələrindən sonra NATO üzvlüyünə namizədliyi təxirə salınmış (üzvlük şərtinə görə müharibə başa çatana qədər və alyans daxilində tam siyasi konsensus əldə olunmayana qədər Ukraynanın tamhüquqlu üzv olması gözlənilmir) Ukraynanı qəzəbləndirib. Əgər Aİ üzvlüyü də uzanacaqsa və ya tərəddüdlər varsa, o halda Ukrayna nəyin naminə müharibə aparır? Ukraynanın qəzəblənməsindən sonra Avropa Ukraynanı dəstəkləyən jestlər edib. Polşa Prezidenti isə Türkiyəyə rəsmi səfərə gəlib. Yəni, Türkiyə məsələni yumşaltmaqda həm kömək etsin, həm də Avropanın təhlükəsizliyi məsələsində həlledici rollardan birini oynasın və daha aktiv olsun. Bu halda Türkiyə də Aİ üzvlüyünə namizədliyinin yubandığını və 20 ildən çoxdur ki, gözlədiyini xatırlada bilər. 

Polşanın sözün həqiqi mənasında ikili standartları ifşa olunur. Polşa üçün dəyərlər sadəcə əsl niyyətlərini həyata keçirmək üçün bir şirmadır? Biz gələk sizin ölkələri istismar edək, resurslarınızı sümürüb aparaq, Afrika ölkələrinin gününə salaq, bizim təhlükəsizliyimizi təmin edin, hətta bizdən ötrü vuruşun, qırılın, amma bizimlə bərabərhüquqlu hər hansı statusu bizdən istəməyin, bizə iqtisadi və siyasi sahələrdə mane olmayın, hətta rəqabətə də girməyin!!! Avropa idealları, dəyərləri, demokratiyası yalnız öz vətəndaşları üçün işləyir?! Digər ölkələrə nisbətdə isə bu sadəcə olaraq istismar üçün bir vasitədir?! Avropa öz nüfuz dairəsini yeni ölkələrə doğru yaymaq və genişləndirməyi əsas strateji hədəflərindən biri kimi qəbul etdiyi üçün dediklərimin heç də belə olmadığını sübut etməyə çalışaraq ikili standartları ən azı bu dövrlərdə kənara qoymağa çalışacaq. Bu səbəbdən Polşanın üzdə müxtəlif bəhanələrlə saman altından su yeridib özünü ifşa etməsini ümumiləşdirib bütün Avropa İttifaqı ölkələrinə aid etmədim. Hələlik Avropa bu məsələdə Ukraynanı dəstəkləyir. Çünki, müharibə hələ bitməyib. Həm də ABŞ ilə münasibətlər fonunda Avropa siyasi səhvə yol vermək istəmir. Polşanın isə narahatlığı budur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31