Elə ərazi kəşf edildi ki... - Burada ÖLÜMLƏR OLACAQ - ŞOK
13:55 DünyaÇili və Argentina sərhədində, dünyanın ən quraq bölgələrindən biri sayılan Atakama səhrasının mərkəzində yerləşən Filo del Sol yatağında aparılan yeni geoloji tədqiqatlar nəticəsində nəhəng metal və qiymətli mədən ehtiyatları aşkar edilib. Son sondaj işləri göstərib ki, yataqdakı ehtiyatlar əvvəlki proqnozlardan təxminən beş dəfə çox ola bilər.
Musavat.com xəbər verir ki, rəsmi hesablamalara görə, yataqda 13 milyon ton mis, 907 min kiloqram (32 milyon unsiya) qızıl, 18,6 milyon kiloqram (659 milyon unsiya) gümüş ehtiyatı mövcuddur.
Layihəni həyata keçirən şirkətlərdən biri olan Lundin Mining-in baş direktoru Jack Lundin bu kəşfi son 30 ilin ən mühüm mədən tapıntılarından biri adlandırıb. Şirkətin məlumatına görə, Filo del Sol dünyanın ən böyük işlənməmiş qızıl və gümüş ehtiyatlarından birinə çevrilə bilər.
Lakin bu sərvəti yerin altından çıxarmaq asan olmayacaq. Yataq dəniz səviyyəsindən təxminən 5 min metr yüksəklikdə, And dağlarının sərt və əlçatmaz hissəsində yerləşir. Bu yüksəklikdə oksigen çatışmazlığı, kəskin hava şəraiti və dağ xəstəliyi işçilərin həyatı üçün ciddi risk yaradır. Mütəxəssislər burada işləməyin hətta ölümcül nəticələrə səbəb olacağını bildirirlər.
Layihə ekoloji mübahisələrə də səbəb olub. Ətraf mühit təşkilatları mədən işlərinin bölgədəki buzlaqlara və içməli su mənbələrinə zərər verə biləcəyini bildirirlər. Qeyd olunur ki, Argentina və Çilidə istifadə olunan şirin suyun böyük hissəsi məhz And dağlarındakı buzlaqlardan gəlir. Bundan əlavə, iri mədən layihələrinin milyardlarla litr su sərf etməsi bölgədə su qıtlığı riskini artıra bilər.
Ekspertlər hesab edirlər ki, burada aşkarlanan mis ehtiyatları elektrik avtomobilləri, günəş panelləri və digər yaşıl enerji texnologiyaları üçün strateji əhəmiyyət daşıyır. Buna görə də Filo del Sol yatağı təkcə mədən sənayesinin deyil, həm də gələcək enerji bazarının ən vacib layihələrindən biri hesab olunur.
Lakin mütəxəssislər vurğulayırlar ki, iqtisadi fayda ilə ətraf mühitin qorunması arasında balans tapılmasa, bu nəhəng sərvətin hasilatı ciddi sosial və ekoloji problemlərə yol aça bilər.