41 milyon nəfər RİSK ALTINDA - Ciddi problem yarana bilər
12:39 DünyaAvropa İttifaqının tətbiq etməyə hazırlaşdığı yeni Giriş-Çıxış Sistemi (EES) ilə bağlı aparılan araşdırma turizm sektorunda narahatlıq yaradıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Schengen zonasına giriş məntəqələrində uzun növbələr yaranarsa, milyonlarla turist Avropaya səfər planlarını dəyişə və ya ləğv edə bilər.
Musavat.com xəbər verir ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) sifarişi ilə aparılan araşdırmaya görə, sərhəd keçidlərində gözləmə müddətinin mütəmadi olaraq 3-4 saata çatması təxminən 41 milyon ziyarətçi və 45,4 milyard dollarlıq turizm xərclərini risk altına qoya bilər.
Böyük Britaniya, ABŞ, Kanada və Avstraliyadan 2 500-dən çox şəxsin iştirak etdiyi sorğu göstərib ki, turistlər uzun və qeyri-müəyyən gözləmə müddətlərinə qarşı həssasdırlar. Respondentlərin təxminən üçdə biri Schengen zonasına daxil olarkən davamlı olaraq 3 saatdan çox gözləməli olsalar, Avropaya səfər etmək ehtimallarının ciddi şəkildə azalacağını və ya səyahətdən tamamilə imtina edə biləcəklərini bildirib.
Araşdırmada maraqlı məqamlardan biri də rəqəmsal sərhəd nəzarətinə münasibət olub. İştirakçıların 65 faizi EES sistemi haqqında məlumat aldıqdan sonra onu dəstəklədiyini bildirib. Biometrik sərhəd nəzarətinə qəti şəkildə qarşı çıxanların payı isə cəmi 6 faiz təşkil edib.
Bununla yanaşı, sorğu iştirakçılarının 55 faizi yeni sistem barədə çox az məlumatlı olduğunu və ya ümumiyyətlə məlumatının olmadığını deyib. Təxminən yarısı isə Schengen zonasına giriş və çıxış zamanı hansı prosedurlardan keçəcəklərini bilmədiklərini qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, EES sistemi uzunmüddətli perspektivdə sərhəd təhlükəsizliyini gücləndirə və keçid proseslərini sürətləndirə bilər. Lakin ilk tətbiq mərhələsində yaranacaq mümkün gecikmələr Avropa turizminə milyardlarla dollar zərər vura bilər.