"Güclü Ermənistan" bloku parlamentdə müxalifətin güclənəcəyini gözləyir – ÖZƏL
12:46 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyalar blokunun seçki siyahısına rəhbərlik edən Narek Karapetyan "Facebook" səhifəsində video müraciət yayaraq, hazırda səslərin yenidən sayılması prosesinin getdiyini və "Çiçəklənən Ermənistan" partiyasının parlamentə keçib-keçməyəcəyinin nəticələrini gözlədiklərini bildirib. O qeyd edib ki, bu partiyanın parlamentə daxil olması müxalifətə qanunsuzluqlara qarşı güclü hüquqi alətlər qazandıracaq, çünki hakim komanda artıq mandat üstünlüyünü itirib və baş prokuror, eləcə də hakimlərin təyinatını təkbaşına reallaşdıra bilməyəcək.
Karapetyan parlamentdə güclü müxalifət blokunun yaranmasının hakimiyyət balansını təmin edəcəyini və siyasi məhbusların azad edilməsi məsələsini qaldırmağa imkan verəcəyini vurğulayıb. Hakimiyyət dəyişikliyinin parlament daxili və ya küçə mübarizəsi ilə mümkün olduğunu xatırladan siyasətçi əlavə edib ki, yeni konfiqurasiyada Paşinyanın vəzifədən kənarlaşdırılması üçün hakim "Vətəndaş müqaviləsi" partiyasından cəmi 8 deputatın mövqeyini dəyişməsi kifayətdir və seçkilərdən dərhal sonra bu çətin görünsə də, növbəti 5 il ərzində belə bir tarixi imkan mütləq yaranacaq.