Azov dənizində dron hücumunda həlak olan daha iki azərbaycanlının nəşi tapılıb

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərdə həlak olan daha 2 Azərbaycan vətəndaşının nəşi tapılıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onlarıniyunu 9-u günorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

Bildirilib ki, müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 5-də heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisi Azov dənizində dron hücumuna məruz qalıb.

Hadisə nəticəsində Azərbaycan vətəndaşlarından 4 nəfər yaralanıb, 4-ü isə həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31