“Aİ Ermənistanda Rusiyadan boşalan iqtisadi yeri doldurmağa çalışır” – ÖZƏL
13:56 DünyaAvropa İttifaqı Rusiyanın artan iqtisadi təzyiqləri qarşısında Ermənistana yardımları artıracağını vəd edib. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ticarət dövriyyəsini artırmaq üçün xüsusi mexanizmləri müzakirə edib. Kos qeyd edib ki, ittifaq qısa müddətdə dəstəyi gücləndirməklə yanaşı, Cənubi Qafqazda ticarət, enerji və iqtisadi əlaqələrin inkişafı istiqamətində işləri sürətləndirəcək.
"Avropa İttifaqı Rusiyanın Ermənistandakı rolunu tam şəkildə əvəz edə bilməyəcək. Lakin maksimum dərəcədə çalışacaq ki, Rusiyanın Ermənistandan təsirinin azalması nəticəsində yaranan iqtisadi boşluğu doldursun. Güman edirəm ki, Avropa İttifaqı bu istiqamətdə yardım siyasətini genişləndirəcək".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bundan əvvəl də Avropa İttifaqı ilə Ermənistan arasında müəyyən iqtisadi əlaqələr və tərəfdaşlıq münasibətləri mövcud olub. Tərəflər arasında müxtəlif müqavilələr imzalanıb. Məhz həmin sənədlərə istinad edərək Avropa İttifaqının yeni sazişlər imzalaması və Ermənistana əlavə iqtisadi dəstək göstərməsi ehtimal olunur. Bununla yanaşı, Avropanın kənd təsərrüfatı sahəsində çox böyük potensialı var. Bir çox Avropa ölkələrində aqrar sektor yüksək səviyyədə inkişaf edib və Ermənistan da bu təcrübədən faydalana, onu öyrənə və tətbiq edə bilər. Paralel olaraq Ermənistanın Avropa bazarlarına çıxış imkanları da genişlənə bilər. Bu, gözlənilən variantlardan biridir və böyük ehtimalla yaxın gələcəkdə müəyyən addımlar atılacaq. Nikol Paşinyan hökumətinin Avropaya inteqrasiya xəttini daha da gücləndirəcəyi gözlənilir. Müxtəlif sahələrdə, xüsusilə iqtisadi və aqrar istiqamətlərdə Avropa İttifaqı ilə əməkdaşlığın genişlənəcəyi ehtimal edilir. Ümumiyyətlə, Avropa İttifaqının regionda həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri Rusiyanın təsir dairəsindən uzaqlaşan ölkələrdə, xüsusilə Ermənistanda öz mövqelərini gücləndirməkdir. Çünki əgər Avropa İttifaqı Ermənistana kifayət qədər maraq göstərməsə, Rusiyanın bölgədə yenidən güclənməsi mümkündür. Eyni zamanda İran da yaranmış vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışa bilər. Bundan başqa, Çin də regionda təsir imkanlarını genişləndirmək üçün əlverişli məqam gözləyir. Məhz buna görə də Avropa İttifaqı yaranan boşluğu mümkün qədər tez doldurmağa çalışacaq. İqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı istiqamətində əməkdaşlıq haqqında yeni müqavilələrin imzalanacağı gözlənilir. Bu şaxələndirilmiş əlaqələr isə gələcəkdə Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesinin daha da sürətlənməsinə səbəb ola bilər.
Səidə Ramazanova