Gürcüstanda saxta nikahlara görə cəza tətbiq olunacaq- ÖZƏL

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə vətəndaşı ilə əcnəbi arasında yaşayış icazəsi (VNH) əldə etmək məqsədilə bağlanan saxta nikahlara görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu qanun layihəsi hazırlayıb. Olaylar.az xəbər verir ki, nazirliyin məlumatına görə, qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbi arasında yaşayış icazəsi və ya ölkədə qanuni qalmaq üçün digər əsaslar əldə etmək məqsədilə bağlanan uydurma nikah cinayət əməli hesab olunacaq.
Belə hallara görə iki ilədək azadlıqdan məhrumetmə və ya 1 ildən 2 ilədək ev dustaqlığı, əcnəbinin ölkədən çıxarılması, 2 ildən 10 ilədək Gürcüstana giriş qadağası və ya cərimə nəzərdə tutulur.
Qanun layihəsi ilə həmçinin Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yeni növ yaşayış icazəsinin tətbiqi təklif edilir. Bu icazə əcnəbi daimi yaşamaq hüququ əldə edənədək qüvvədə olacaq.
Bununla yanaşı, həyat yoldaşı üçün yaşayış icazəsi verilməzdən əvvəl xüsusi komissiya nikahın həqiqiliyini yoxlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31