MDB müşahidəçiləri: Ermənistandakı seçkilər şəffaf və rəqabətli keçib ÖZƏL
11:34 DünyaOlaylar.az xəbər verir ki, MDB müşahidə missiyasının rəhbəri Nurlan Seytimov keçirdiyi mətbuat konfransında Ermənistanda parlament seçkilərinin ölkə Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun, açıq və rəqabətli mühitdə baş tutduğunu bəyan edib. O, səsvermənin nəticələrinə təsir göstərə biləcək hər hansı ciddi qanun pozuntusunun qeydə alınmadığını, aşkar olunan bəzi çatışmazlıqların isə sırf texniki xarakter daşıdığını və yerindəcə operativ şəkildə aradan qaldırıldığını bildirib.
Mayın 18-dən etibarən monitorinqlərə başlayan və 121 müşahidəçi ilə İrəvan daxil olmaqla 9 rayonda 750-dən çox seçki məntəqəsinə baş çəkən missiya, seçki komissiyalarının peşəkarlığını, namizədlər üçün yaradılan bərabər təşviqat imkanlarını və siyasi plüralizmi yüksək qiymətləndirib.