İrəvanda canlı yayımda "partlayış": Paşinyan Rusiyaya qarşı son körpüləri yandırdı
10:37 DünyaErmənistanda keçiriləcək taleyüklü seçkilər öncəsi daxili siyasi gərginlik və müxalifətlə iqtidar arasındakı qarşıdurma Rusiyanın rəhbərlik etdiyi hərbi bloku tamamilə sarsıdacaq beynəlxalq qalmaqala çevrilib.
Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə mətbuatının və xalqın diqqətlə izlədiyi gərgin predseçki debatları zamanı Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT / ODKB) qarşı tarixin en kəskin reaksiyasını nümayiş etdirib. Paşinyan zərurət yaranacağı təqdirdə Ermənistanın bu hərbi ittifaqı birdəfəlik tərk edəcəyini rəsmən elan edib.
Canlı yayımlanan debatlar zamanı "Güclü Ermənistan" partiyasının nümayəndəsi Narek Karapetyan Baş nazirə sərt sualla müraciət edərək, rəsmi İrəvanın bu hərbi blokda "üzvlüyünü dondurması" barədə bəyanatlarının nə demək olduğunu soruşub. Karapetyanın Paşinyana ünvanladığı "Əgər bu təşkilat işləmirsə, qorxmayın, rəsmən çıxın oradan" ittihamı isə hökumət başçısını tamamilə hövsələdən çıxarıb. Müxalifətçinin bu sözlərinə qəzəblə cavab verən Nikol Paşinyan rəsmi Moskvaya və daxili rəqiblərinə hədə dolu ismarış yollayıb: "Yaxşı edəcəyik, elə biz də KTMT-dən çıxacağıq! Siz bizi bununla qorxutmaq istəyirsiniz? Bu məsələdə heç kimdən icazə istəyəsi deyilik, nə vaxt lazım bilsək, özümüz müstəqil şəkildə qərar verib o təşkilatdan rəsmən çıxacağıq".
Beynəlxalq hərbi-siyasi analitiklər Paşinyanın debat platformasından səsləndirdiyi bu sensasiyalı bəyanatı, İrəvanın Moskva ilə bağlayan sonuncu rəsmi və hüquqi təhlükəsizlik iplərini qoparması kimi qiymətləndirirlər. Ekspertlərin fikrincə, Qərbin hərbi-siyasi dairələrindən tam dəstək alan Paşinyan komandası, seçkilərdən dərhal sonra Ermənistanı Rusiyanın təsir dairəsindən tamamilə çıxarmaq üçün KTMT-ni tərk etmək planının artıq rəsmi start düyməsini basıb.