Almaniyada iki deputat 1 milyard avrodan çox dəyərində hərbi müqavilələri dayandırıb- ÖZƏL

Almaniya Bundestaqının Büdcə Komitəsinin iki üzvü son aylarda ümumi dəyəri 1 milyard avrodan artıq olan müdafiə müqavilələrinin təsdiqini dayandırıb və ya onların yenidən nəzərdən keçirilməsinə nail olub. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata görə, hakim koalisiyanı təmsil edən deputatlar- Xristian Demokrat İttifaqından Andreas Mattfeldt və Sosial Demokrat Partiyasından Andreas Şvarts yanvar ayında tender keçirilmədən mobil kəşfiyyat sisteminin alınmasına dair 600 milyon avroluq müqaviləni bloklayıblar. Fevral ayında isə onlar pilotsuz uçuş aparatlarından müdafiə məqsədilə gəmilər üçün lazer sisteminin hazırlanmasına dair 462 milyon avroluq birbaşa müqavilənin qarşısını alıblar.
Bununla yanaşı, deputatlar zərbə dronlarının alınması ilə bağlı bir sıra müqavilələr üzrə xərclərin məhdudlaşdırılmasını tələb ediblər. Bundesver üçün dizel konteynerlərinin satın alınması prosesi isə qiymətlərin əsassız şəkildə artırıldığı müəyyən edildikdən sonra dayandırılıb.
"Financial Times" yazır ki, parlamentarilərin fəallığı Almaniyanın müdafiə sənayesində və bəzi dövlət qurumlarında narazılıq yaradıb. Tənqidçilərin fikrincə, əlavə nəzarət mexanizmləri ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini ləngidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31