Xabeişvili “Gürcü Arzusu” daxilindəki qarşıdurmadan və mübarizə zərurətindən yazır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat"ın siyasi şurasının sədri Levan Xabeişvili həbsxanadan göndərdiyi məktubda tərəfdarlarını yalnız sosial şəbəkələrdə aktiv olmaqla kifayətlənməyib, fədakarlıq və risk tələb edən real mübarizəyə çağırıb. 

O, hakim "Gürcü Arzusu" partiyasının daxilində ciddi klanlararası qarşıdurmanın yaşandığını bildirib. Xabeişvilinin sözlərinə görə, İraqli Kobaxidze hazırda siyasi təzyiq altındadır və onu əvəzləyəcək namizədlər qismində Tea Tsulukiani ilə Mariam Kvrivişvili nəzərdən keçirilir. Partiya daxilindəki didişmələrə misal olaraq o, Mamuka Mdinaradzenin Svanetiyadakı kriptovalyuta mayninqi ilə bağlı bəyanatının birbaşa Viktor Caparidzeyə qarşı yönəldiyini və bunun "Xalqın gücü" hərəkatının Kobaxidzeyə qarşı sabotajına cavab reaksiyası olduğunu vurğulayıb. 

Xabeişvili, Bidzina İvanişvilinin Qldanidə Tbilisinin bütöv əhalisinin yarısı qədər (430 milyon kilovat-saat) elektrik enerjisi istehlak etdiyini iddia edərək, əhali üçün işıq pullarının məhz bu cür daxili soyğunçuluqlar ucbatından qaldırıldığını qeyd edib. Məktubunun sonunda o, passiv gözləmə mövqeyi ilə hakimiyyətə qalib gəlməyin qeyri-mümkün olduğunu vurğulayaraq, tərəfdarlarından ona həbsxanaya analizlər, mövqelər və dövri mətbuat materialları göndərmələrini xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31