Taksidə başına başına oyun açıldı - ŞOK görüntülər yayıldı
15:01 DünyaDünyaca məşhur repçi Trevis Skottun (Travis Scott) konserti üçün İstanbula gələn amerikalı "Twitch" yayımçısı Auger, taksi səfərindən sonra böyük şok yaşayıb.
Musavat.com xəbər verir ki, normal şəraitdə bir neçə yüz lirə tutmalı olan yol üçün əvvəlcə 50 avro ödəməyə razılaşan yayımçı, kartından 136 avro (təxminən 7300 TL) tutulduğunu iddia edib.
Konsertdən sonra taksi axtarışına çıxdı
İddiaya görə, Auger Trevis Skottun konsertindən sonra otelinə qayıtmaq üçün taksi axtarmağa başlayıb. Daha əvvəl mindiyi bir taksidən sıxlıq bəhanəsi ilə düşürüldüyünü bildirən yayımçı, bir müddət nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə də yayımçının konsert sahəsindən ayrıldıqdan sonra ətrafda gəzişdiyi və nəqliyyat axtardığı anlar əks olunub.
50 avroya razılaşdı, hesabından 136 avro çıxıldı
Auger otelinə çatmaq üçün bir taksi sürücüsü ilə razılığa gəldiyini və sürücünün tələb etdiyi 50 avronu qəbul etdiyini söyləyib. Lakin yayımçı ödəniş zamanı kartından 136 avro, yəni təxminən 7300 TL çıxıldığını fərq etdiyini irəli sürüb. Qarşılaşdığı bu vəziyyəti canlı yayımda və sosial şəbəkə hesablarında paylaşan Augerin videosu izləyicilərin də böyük etirazına səbəb olub.
Hadisədən sonra paylaşılan görüntülər qısa müddətdə geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri İstanbulda xarici turistlərin və qonaqların zaman-zaman analoji problemlərlə gündəmə gəldiyini diqqətə çatdırıblar. Augerin başına gələnlərlə bağlı hələlik rəsmi qurumlardan heç bir açıqlama verilməyib, görüntülər isə sosial mediada müzakirə olunmağa davam edir.