Lavrov Ermənistana görə istefaya göndərilə bilər

ABŞ dövlət katibinin İrəvanda imzaladığı sənədlərdən sonra Rusiyanın xarici siyasətinə görə Kreml sərt tənqid edilir: "Gözlərimizin qarşısında Tramp Ermənistanı bizdən "oğurladı"

Rusiyada Kremlin "yumşaq Ermənistan siyasətinə" qarşı etirazlar davam edir. Musavat.com xəbər verir ki, ABŞ dövlət katibinin İrəvanda imzaladığı sənədlərdən sonra hakimiyyətə yaxın mediada da Kremlin xarici siyasəti sərt tənqid edilir. Bildirilir ki, İrəvanda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasına əsasən, ABŞ Ermənistana ölkənin sərhədlərinə tam nəzarətə götürmək üçün hər cür dəstək verməyə razılaşıb. Sənəddə deyilir: "Ermənistanın "Sülh Yollarının Kəsişməsi" layihəsinin və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun uğurunun təşviqində möhkəm sərhədlərin və qarşılıqlı maraqların vacibliyini qəbul edən ABŞ və Ermənistan, Ermənistanın təhlükəsizlik orqanlarının gücləndirilməsi, effektivliyinin artırılması və müstəqilliyinin artırılması məqsədilə əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Məqsəd bu qurumların Ermənistanın sərhədləri üçün tam məsuliyyəti öz üzərinə götürməsidir".

"Gözlərimizin qarşısında Tramp Ermənistanı bizdən "oğurladı", - deyə Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin "Svobodnaya Pressa"ya bildirib. "Əlbəttə ki, bu, keçici, qısa və ya təsadüfən baş verməyib. Biz ardıcıl olaraq Ermənistanı özümüz təslim etdik. Hər dəfə Ermənistanın addımlarına qəti cavab vermək tələb olunsa da, Moskva bundan yayındı. Nəticədə, Rusiya bütün mövqelərdən imtina etdil. Biz heç vaxt Ermənistan uğrunda döyüşə girmədik. Bunlar rus çarları, bolşeviklər, Stalin etmişdi. Bu bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da Rusiyanın fəlakətli xarici siyasətin nəticəsidir".
Korovin deyib ki, Ermənistanda təəccüblü və ya sensasiyalı heç nə baş verməyib: "Bu gün Ukraynada, Moldovada, Azərbaycanda və ondan əvvəl Gürcüstanda, hətta Avrasiya İqtisadi İttifaqında müttəfiqimiz hesab etdiyimiz Qazaxıstanda da bunu görürük. Bu isə təhlükəsizliyimizi təhdid edir. Çünki dronlar bir istiqamətdən deyil, on istiqamətdən uçacaq. Və gündə 700 deyil, gündə 7000..."
Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Tədqiqatları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Bloxin də baş verənlərə təəccüblənmir:"Sürpriz yoxdur. Paşinyan kimi qərbyönümlü siyasətçidən fərqli bir şey gözləmək qəribə olardı. Düşünürəm ki, bu dönüşün səbəbi hətta ABŞ deyil, Ermənistandır. Əgər ölkə özü qapılarını onlara açırsa, onları təsirini genişləndirməyə dəvət edirsə, amerikalılar niyə imtina etməlidirlər? Heç kim imtina etməyəcək. Qafqaz adətən, "Rusiyanın yumşaq qarnı" adlanır. Qərbin Rusiyanı cilovlamaq üçün bütün strategiyaları onu həm NATO, həm də NATO olmayan, məsələn, Amerika bazaları ilə əhatə etməyə əsaslanır.Bundan əlavə, vurğu sərhədlərimizin yaxınlığında daimi hərbi təlimlərə yönəlib. Təsəvvür edin ki, Qafqaz ABŞ-ın təsir dairəsindədir. Aydındır ki, onlar hərbi təlimlər keçirəcəklər. Bunlar hamısı Rusiyanı cilovlama strategiyasının əsaslarıdır. Təhdid göz qabağındadır. Təhdid artıq reallaşıb - demək olar ki, təhlükənin astanasındayıq".

Qeyd edək ki, Rusiyanın xarici siyasətdə ciddi uğursuzluğa görə xarici işlər naziri Sergey Lavrov zaman-zaman ciddi tənqid hədəfi olub. Şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı uğursuzluğu da onun adına yazılır. Son günlər Kremlə uğursuz xarici siyasətə görə artan tənqidlərdə Lavrovun adı hələ birbaşa hədəfə gətirilmir. Amma aydındır ki, onun diplomat kimi bəyənmədiyi Rubionun İrəvan aeroportunda imzaladığı sənədlər həm də  qan bağlılığı olan ermənilərin Lavrovun karyerasına vurduğu zərbədir. Mümkündür ki, indi həm də müharibəyə görə ciddi təzyiqlər altında olan Kreml rəhbəri Lavrovu nəhayət ki, istefaya göndərsin...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31