İsrailin baş naziri ola bilərəm - Donald Tramp

Mənə İsrail xalqı arasında böyük dəstək var, prezidentlik müddəti başa çatdıqdan sonra orada baş nazir ola bilərəm.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp hava limanında jurnalistlərə verdiyi açıqlamada danışıb.

"Hazırda İsraildə mənim reytinqim 99 faiz səviyyəsindədir. Mən baş nazir vəzifəsinə namizədliyimi verə bilərdim", - deyə o bildirib.

Qeyd edək ki, mayın 17-də Tramp İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığı aparıb. Liderlər İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31