Azərbaycan yalnız inkişaf edən ölkə yox, həm də gələcəyin şəhərlərini formalaşdıran dövlətdir- ÖZƏL

"Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyasının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, regional liderlik mövqeyinin və dayanıqlı inkişaf modelinin dünyaya təqdimatı baxımından mühüm hadisə oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Bu mötəbər platforma ölkəmizin şəhərsalma, memarlıq, ekoloji inkişaf və müasir yaşayış konsepsiyası sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə daha geniş tanınmasına ciddi töhfə verəcək. Azərbaycan bu gün yalnız inkişaf edən ölkə yox, həm də gələcəyin şəhərlərini formalaşdıran dövlətlərdən biri kimi dünya miqyasında öz nüfuzunu daha da möhkəmləndirir. Forum çərçivəsində Azərbaycanın qədim şəhərlərinin tarixi-mədəni irsi və memarlıq ənənələrinin xüsusi vurğulanması da böyük qürur hissi doğurur. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və xüsusilə Şuşa kimi şəhərlərimiz əsrlər boyu formalaşmış yüksək memarlıq məktəbinin, zəngin mədəni irsin və milli dövlətçilik tariximizin canlı nümunələridir. Bu şəhərlərin qorunması və gələcək nəsillərə çatdırılması milli irsə verilən dəyərin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31