Trampofon ilk gündən lağ obyektinə çevrildi
16:19 DünyaTramp ailəsinin təqdim etdiyi ilk smartfon modeli qalmaqalla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, satışa çıxarılmağa hazırlaşan "T1 Phone" adlı cihaz jurnalistlərə nümayiş etdirilib və telefonun arxa hissəsindəki ABŞ bayrağının səhv olduğu üzə çıxıb.
Qızılı rəngdə hazırlanan smartfonun istehsalçıları cihazı "mobil müstəqilliyə doğru cəsarətli addım" adlandırırlar. Şirkətin saytında T1-in "ABŞ dəyərlərinə əsaslanaraq yaradıldığı", yüksək performans, eleqant dizayn və güclü texniki göstəriciləri münasib qiymətlə birləşdirdiyi vurğulanır.
Lakin təqdimat zamanı məlum olub ki, "ABŞ dəyərləri" ilə reklam olunan telefondakı bayraqda ciddi səhv var. Bayraqda 50 ulduz olsa da, cəmi 11 zolaq yerləşdirilib. Halbuki ABŞ bayrağında 13 zolaq olmalıdır.
Məqalədə qeyd olunur ki, "T1 Phone"un satışa çıxışı bir neçə aydır təxirə salınır. Android əsaslı cihazın ilkin qiyməti 499 dollar olacaq. Telefonda əvvəlcədən "Truth Social" tətbiqi quraşdırılıb. İlk renderlərdə dizayn baxımından "iPhone"a bənzəyən telefonun son versiyası daha çox HTC U24 Pro modelini xatırladır. Kameraların üzərində əlavə örtük yerləşdirildiyi də diqqət çəkir.
Məqalənin ironik hissələrindən biri isə artıq demək olar unudulmuş 3,5 millimetrlik qulaqlıq girişinin telefona qaytarılması ilə bağlıdır.
Müəlliflər zarafatla qeyd edirlər ki, ya istehsalçılar simli qulaqlıqların yenidən dəbə minməsinə reaksiya veriblər, ya da Donald Tramp son anda sevdiyi podkastları necə dinləyəcəyini anlamayıb və girişin əlavə edilməsini tələb edib.