Mohammad Abdul Aval: WUF13 gələcəyin dayanıqlı və rahat şəhərlərinin yaranmasına yanaşmaların formalaşmasına kömək edir
12:45 DünyaÜmumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) hamımız üçün böyük əhəmiyyətə malikdir, çünki bu, gələcəyin dayanıqlı və rahat şəhərlərinin yaranmasına yanaşmaların formalaşmasına kömək edir. İqlim məsələləri getdikcə daha vacib hala gəlir və biz uşaqlarımız üçün qoyduğumuz mirası - onların təhlükəsiz, ekoloji cəhətdən təmiz və layiqli şəhər mühitində yaşamasını təmin etməyi nəzərə almalıyıq.
Bu barədə Banqladeş Maliyyə Nazirliyi katibinin müavini Mohammad Abdul Aval AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu cür beynəlxalq platformalar davam edən qlobal prosesləri daha yaxşı başa düşməyə, fikir və ideyalar mübadiləsi aparmağa və aktual şəhər problemlərinin həllində digər icmaların və ölkələrin təcrübələrini öyrənməyə imkan verir. Bu, təkcə şəhər dizaynına deyil, həm də dayanıqlı mənzil təminatına, qeyri-rəsmi yaşayış məntəqələrinin sakinlərinə dəstək və aşağı gəlirli insanlar üçün layiqli yaşayış şəraitinin təmin edilməsinə aiddir.
"Məhz əməkdaşlıq və təcrübə mübadiləsi yolu ilə şəhərləri hər kəs üçün daha təhlükəsiz, daha dayanıqlı və daha rahat edə bilərik", - deyə o vurğulayıb.