Paşinyan müxalifətə sərt hədələr yağdırdı: Alfa erkəkləri ifadəsi gündəm oldu

Ermənistanda seçkiqabağı kampaniya getdikcə daha aqressiv xarakter almağa başlayır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan İrəvanın Arabkir rayonunda seçicilərlə görüşü zamanı müxalifətə qarşı son dərəcə sərt və emosional çıxış edib.

Paşinyan əvvəlcə sosial-iqtisadi mövzulara toxunaraq pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdığını iddia edib. Onun sözlərinə görə, Ermənistanda yaşlı insanlar artıq təkcə çörək deyil, ayaqqabı və qab-qacaq almağa da imkan tapırlar:

Paşinyan daha sonra xarici siyasət və regional vəziyyətdən danışaraq bölgədə "sülhün qurulduğunu" bildirib. O vurğulayıb ki, Ermənistan Türkiyə və Azərbaycanla praqmatik dialoq aparır və münasibətlər məhz real problemlərin olduğu qonşularla qurulmalıdır.

Lakin çıxışın tonu qısa müddət sonra kəskin şəkildə dəyişib. Nikol Pashinyan əsas müxalifət bloklarını Ermənistanı yeni müharibəyə sürükləməkdə ittiham edib. O bildirib ki, müxalifət liderləri rahat şəkildə müharibə ritorikası aparırlar, çünki öz övladlarının cəbhəyə getməyəcəyinə əmindirlər.

Paşinyan əlavə edib ki, özü oğlunu döyüş bölgəsinə göndərib və müxalif siyasətçilərin uşaqlarının müharibə dövründə harada olduqlarını soruşub.

Çıxışın ən qalmaqallı hissəsi isə Paşinyanın daha sərt ifadələr işlətməsi ilə bağlı olub. O, bəzi müxalif fiqurların övladlarını "Kaluqa oliqarxının küçükləri" adlandırıb və özlərini "alfa erkəyi" kimi aparan şəxsləri fiziki zorakılıqla hədələyib.

Paşinyan müxalifətə açıq xəbərdarlıq da edib: "Evlərdən çıxmayın. Sizin dalınızca gələcəklər".

Baş nazir əlavə edib ki, əks halda seçki prosesi "tamamilə başqa məcraya keçə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31