Vətəndaşlara ÇAĞIRIŞ: "Qızıl almayın..." - Bu ölkədə

Hindistan hökuməti qızıl idxalına qarşı sərt məhdudiyyətlər tətbiq edib.

Musavat.com xəbər verir ki, qərar bir neçə gün əvvəl vətəndaşlara "qızıl almayın" çağırışı edilməsindən sonra qəbul olunub.

Məlumata görə, hökumət "Öncədən Səlahiyyətləndirmə Sistemi" çərçivəsində həyata keçirilən qızıl idxalına limit qoyub. Bu sistem əvvəllər ixracatçılara külçə qızılı gömrük rüsumu ödəmədən idxal etməyə imkan verirdi. Yeni qaydalarla həmin imkanlar ciddi şəkildə məhdudlaşdırılıb. 

Hindistan rəhbərliyi bildirir ki, əsas məqsəd ölkədən dollar axınının qarşısını almaq və xarici ticarət balansını qorumaqdır. Xüsusilə Yaxın Şərqdəki müharibələr fonunda neft qiymətlərinin yüksəlməsi iqtisadi təzyiqi artırıb. Qızıl isə neftdən sonra ölkənin ən böyük idxal məhsullarından biri hesab olunur. 

Rəsmilər həmçinin gömrüksüz idxal edilən yüksək keyfiyyətli qızılın daxili bazarda qanunsuz satışının qarşısını almağı hədəflədiklərini açıqlayıblar. Hökumət hesab edir ki, yeni məhdudiyyətlər həm valyuta ehtiyatlarını qoruyacaq, həm də qeyri-qanuni qazanc yollarını məhdudlaşdıracaq. 

Bundan əvvəl Hindistanın Baş naziri Narendra Modi əhaliyə toy və digər mərasimlər üçün qızıl alışını azaltmaq çağırışı etmişdi. Hökumət enerji böhranı və artan iqtisadi risklər səbəbindən qənaət tədbirlərini gücləndirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31