Pekində tarixi diplomatik manevr- Putin mayın 20-də Çinə gedir

Dünya siyasətinin mərkəzi növbəti həftə Pekinə keçir.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin mayın 20-də Çinə səfər edə bilər. "South China Morning Post" nəşrinin yaydığı məlumata görə, bu səfər cəmi bir gün davam edəcək və Moskva ilə Pekin arasındakı gündəlik işgüzar əlaqələrin tərkib hissəsi kimi qiymətləndirildiyi üçün rəsmi təntənəli qarşılanma mərasimi nəzərdə tutulmayıb.

Bununla belə, bu səfər dünya diplomatiyasında ilk dəfə rast gəlinən maraqlı bir faktla yadda qalacaq. Belə ki, Çin rəhbərliyi tarixdə ilk dəfə olaraq həm ABŞ, həm də Rusiya liderlərini beynəlxalq sammitlər çərçivəsindən kənar, eyni ay ərzində qəbul etmiş olacaq. Nəşr vurğulayır ki, bu addım Pekinin həm Rusiya, həm də ABŞ-la münasibətləri eyni vaxtda idarə etmək və qlobal balansı qorumaq səylərinin göstəricisidir.

Hesab edilir ki,  Putinin bu qısa səfəri zamanı Ukraynadakı vəziyyət, enerji əməkdaşlığı və ABŞ-la münasibətlərin yeni konfiqurasiyası müzakirə olunacaq.

Çin bu gedişlə hər iki fövqəldövlət arasında əsas vasitəçi və tarazlaşdırıcı qüvvə olduğunu nümayiş etdirir. Hazırda Ağ Evin Putinin gözlənilən səfərinə və Pekinin bu ikili diplomatiya yürüşünə verəcəyi reaksiya beynəlxalq müşahidəçilər tərəfindən yaxından izlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31