Medvedçuk: “Ukraynada Zelenskinin hakimiyyət vertikalı dağılır”- ÖZƏL

Ukraynada Prezident Volodimir Zelenski hakimiyyətinin "şaquli idarəetmə sisteminin dağıldığını" iddia edən "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk bu prosesin arxasında Avropanın dayandığını bildirib. Olaylar.az xəbər verir ki, Medvedçuk hərəkatın saytında dərc olunan məqaləsində qeyd edib ki, Ukraynada maraqlı siyasi proseslər baş verir və korrupsiya araşdırmaları artıq Zelenskinin keçmiş ofis rəhbəri Andrey Yermak ətrafına qədər çatıb.
Onun sözlərinə görə, əvvəllər Ukraynaya göstərilən "nə qədər lazımdırsa, o qədər dəstək" prinsipi artıq qüvvəsini itirir və Avropa bu dəstəyi tədricən zəiflədir.
Medvedçuk iddia edib ki, Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumları- NABU və SAP Avropanın təsiri altında fəaliyyət göstərir və Brüsselin razılığı olmadan ciddi addımlar atmırlar.
Siyasətçi həmçinin bildirib ki, biznesmen Timur Mindiçlə bağlı iş, Yermakın mümkün istintaqa cəlb olunması və araşdırmaların Zelenskiyə qədər uzanması təsadüfi deyil və bu ssenarinin Brüsseldə planlaşdırıldığı ehtimal olunur. Medvedçukun fikrincə, Kiyevdə hakimiyyət vertikalının dağılması Ukraynanın müharibədən çıxışı olmadan mümkün deyil və müharibənin başa çatması ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31