Boltondan şok xəbərdarlıq-İranla nüvə danışıqları boş vaxt itkisidir
14:12 DünyaABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton beynəlxalq birliyin İranla apardığı nüvə danışıqlarını kəskin tənqid edərək bu prosesin heç bir nəticə verməyəcəyini bəyan edib.
Olaylar.az xəbər verir ki, Bolton Tehranın nüvə proqramı ilə bağlı aparılan müzakirələri "boş vaxt itkisi" adlandırıb.
Sabiq müşavir qeyd edib ki, İran rəhbərliyi hələ onilliklər əvvəl nüvə silahı əldə etmək barədə strateji qərar qəbul edib və bu günə qədər həmin hədəfdən geri çəkilməyib.
"47 il ərzində onların bu məqsəddən imtina etdiklərinə dair bircə sübut belə yoxdur",- deyə o vurğulayıb.
Boltonun fikrincə, İran tərəfi diplomatik danışıqlardan yalnız vaxt qazanmaq və sanksiyaların təsirini yumşaltmaq üçün bir vasitə kimi istifadə edir. O, Vaşinqtonu və müttəfiqlərini Tehrana qarşı daha sərt və qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
Con Boltonun bu çıxışı bölgədəki hərbi gərginliyin artdığı və Hörmüz boğazı ətrafında vəziyyətin mürəkkəbləşdiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Ekspertlər hesab edirlər ki, bu bəyanat ABŞ-da İranla münasibətlərdə "sərt xətt" tərəfdarlarının mövqeyini daha da gücləndirə bilər. Hazırda Ağ Evin bu ittihamlara və nüvə sazişi ilə bağlı gələcək addımlarına dair rəsmi reaksiyası maraqla gözlənilir. Tehrandan isə Boltonun iddialarına hələlik rəsmi cavab verilməyib.