Yermakın həbsi üçün sanksiya TƏLƏBİ

Ukraynada yüksək vəzifəli keçmiş məmurlarla bağlı növbəti korrupsiya qalmaqalı gündəmə gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukraynanın Antikorrupsiya Prokurorluğu keçmiş Prezident Ofisi rəhbəri Andrey Yermak barədə həbs qətimkan tədbiri seçilməsini tələb etməyə hazırlaşır. Bu barədə qurumun rəhbəri Aleksandr Klymenko açıqlama verib. Prokurorluq eyni zamanda Yermak üçün 180 milyon qrivna - təxminən 4 milyon dollar məbləğində girov müəyyən edilməsini istəyir.
İstintaq materiallarına görə, Yermak Kiyev yaxınlığında elit kottec kompleksinin tikintisi zamanı vəsaitlərin leqallaşdırılması işi üzrə fiqurantlardan biridir. İddia olunur ki, 2021-2025-ci illərdə həmin layihə vasitəsilə 460 milyon qrivnadan çox - təxminən 10 milyon dollar vəsait yuyula bilərdi.

İş üzrə şübhəli bilinən şəxslər arasında biznesmen Timur Mindiç və Ukraynanın keçmiş baş nazir müavini Aleksey Çernışov da da var. İstintaq layihənin maliyyələşdirilməsini "Enerqoatom" ətrafındakı korrupsiya sxemləri ilə əlaqələndirir.

Ukrayna Milli Antikorrupsiya Bürosunun versiyasına görə, sxem çərçivəsində hesablaşmaların əhəmiyyətli hissəsi nağd formada aparılıb, pulların bir hissəsi isə əlaqəli şirkətlər üzərindən keçirilib. İstintaqın əlində layihənin maliyyələşdirilməsi, tikinti müddətləri və digər detallarla bağlı danışıqların audioyazılarının olduğu bildirilir.

Andrey Yermak ittihamları rədd edir və həmin yaşayış kompleksində heç bir əmlaka sahib olmadığını bildirir. Ukraynanın antikorrupsiya qurumları xüsusi olaraq prezident Vladimir Zelenskinin bu iş üzrə fiqurant olmadığını vurğulayıblar. Keçmiş Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə iş üzrə şahid qismində dindirilib.

Prezident Ofisi isə hələlik araşdırma davam etdiyi üçün məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31