Fransa Milli Assambleyası Gürcüstan hökumətini pisləyən qətnamə qəbul etdi – ÖZƏL
14:07 DünyaOlaylar.az xəbər verir ki, Fransa Milli Assambleyası Gürcüstan hökumətinin avtoritar kursunu, fundamental hüquqların pozulmasını və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqini pisləyən qətnaməni təsdiqləyib. Sənəddə gürcü xalqının demokratik və avropayönümlü gələcək istəyi ilə tam həmrəylik ifadə olunur. Qətnamədə xüsusilə 2024-cü ilin payızında hüquq-mühafizə orqanlarının etirazçılara qarşı kimyəvi maddələrdən (brombenzilsianid) istifadə etməsi barədə iddialardan ciddi narahatlıq bildirilir və bu məsələ ilə bağlı müstəqil beynəlxalq araşdırma tələb olunur.
Fransa parlamenti Avropa təsisatlarını Gürcüstanın Aİ-yə üzvlük prosesini siyasi kriteriyalar yerinə yetirilənə qədər dayandırılmış vəziyyətdə saxlamağa çağırıb. Eyni zamanda, Fransa hökumətinə müraciət edilərək Gürcüstandakı demokratik qüvvələrə dəstək verməsi, Rusiya rejiminin və oliqarx Bidzina İvanişvilinin ölkə siyasətinə mənfi təsirini açıq şəkildə pisləməsi tövsiyə olunub. Qətnamədə həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib