Rusiya teleməkanında separatizmə dəstək tezisləri davam edir- ÖZƏL
12:22 Dünya"Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir. Son belə təxribat halı Rusiyanın "Birinci kanal"ının "Zaman göstərər" ("Vremya Pokajet") verilişində baş verib. Həmin proqramda Dağlıq Qarabağın ayrıca ərazi kimi təqdim edilməsini texniki səhv kimi qəbul etmək olmaz. Bu Kremlin erməni separatizmini bu və digər formada yenidən gündəmə gətirmək cəhdlərindən xəbər verir. Aydın məsələdir ki, istər Rusiya, istərsə də İranın bəzi dairələri Azərbaycanın suverenliyini həzm edə bilmirlər. Digər tərəfdən Moskva Ermənistanın baş naziri N.Paşinyanla revanişt qüvvələrdən istifadə edərək haqq-hesab çəkir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Şübhəsiz ki, Ukrayna bataqlığında ilişib qalmasaydı Rusiya Cənubi Qafqaz respublikaları ilə daha aqressiv davranacadı. Amma Kremlin əl-qolunu bağlayan Ukrayna müharibəsidir. Görünən odur ki, Moskva strateji məğlubiyyəti ilə barışmadığı kimi, öz imperiya təfəkküründən də əl çəkmək istəmir. Rusiyanın irticaçı beyni sayılan Aleksandr Duqin ötən dövdə dəfələrlə qeyd edib: "Rusiya uzun müddət çox nəzakətlə davranıb, artıq sərt hərəkət etməliyik". Rus ideolarının Cənubi Qafqazla bağlı təhlükəli tezislərini və həmçinin televiziyalarının siyasi atmosferi çirkləndirən verilişlərini diqqətdən kənarda saxlamaq olmaz. Təbii ki, "Birinci kanal"ın "Zaman göstərər" verilişində, istərsə də, Rusiyanın digər media qurumlarında Anti-Azərbaycan əhval-ruhiyyəsi, qərəzli yanaşmaları, separtizmə dəstək tendensiyası sonuncu olmayacaq. Ona görə, biz sıravi vətəndaş olaraq düşünürük Azərbaycan bütün ssenarilərə hazır olmalıdır. Elə bir mürəkkəb coğrafiyada yerləşirik bizim müstəqilliyimizə qarşı təhdidlərin aradan qaldırılması heç zaman diqqətdən kənarda qalmamalıdır".