15 min pakistanlının pullarını müsadirə edib ölkədən QOVDULAR - ŞOK SƏBƏB

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 15 min pakistanlı şiəni bank hesablarını və pullarını müsadirə edərək ölkədən çıxarıb, onları qəpiksiz Pakistana geri göndərib.

Musavat.com xəbər verir ki, bu qərar Əbu-Dabi və İslamabad arasında artan geosiyasi gərginliyin, o cümlədən Pakistanın ABŞ və İran arasındakı sülh prosesindəki rolundan qaynaqlanan ixtilafların tərkib hissəsidir.

"The Asian Independent" nəşrinin yazdığına görə, Əmirlik hakimiyyəti heç bir rəsmi ittiham irəli sürmədən Pakistandan olan əmək miqrantlarına qarşı genişmiqyaslı saxlanılma əməliyyatları keçirib.

Qeyd olunur ki, qovulanlar arasında şiə icmasının nümayəndələri üstünlük təşkil edir.

Proses müəyyən sxem üzrə həyata keçirilib: həbslər, telefonların müsadirəsi, müvəqqəti saxlama məntəqələri arasında köçürmələr və nəhayət, Pakistana deportasiya uçuşları.

Mənbənin iddiasına görə, deportasiyalar zamanı seçicilik nümayiş etdirilib. Əsasən Əli, Həsən və Hüseyn kimi dini adları daşıyan pakistanlılar hədəf alınıb.

BƏƏ-nin bu addımlarına cavab olaraq Pakistan yalnız maliyyə axınlarını itirmək riski ilə üz-üzə deyil (belə ki, deportasiya olunan işçilər evlərinə milyardlarla dollar pul göndərirdilər), həm də Fars körfəzi ölkələrinin əmək bazarındakı əsas mövqeyini itirə bilər.

Artıq Hindistan və Banqladeş boşalmış yerləri aktiv şəkildə doldurur ki, bu da Pakistanın iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər.

"Bu vəziyyət xarici siyasət və geosiyasi qərarların sıravi insanların həyatına necə birbaşa təsir göstərə biləcəyini nümayiş etdirdi", - deyə nəşr vurğulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31