ABŞ ordusu strategiyasını dəyişir: Kiçik hücum dronlarına üstünlük verilir- ÖZƏL
11:24 DünyaABŞ ordusu Ukraynadakı müharibə və İranla bağlı artan gərginliyi nəzərə alaraq pilotsuz uçuş aparatları (PUA) strategiyasında dəyişiklik edir. Olaylar.az xəbər verir ki, CBS telekanalının yaydığı məlumata görə, Pentaqon ağır döyüş dronlarından tədricən imtina edərək daha kiçik və çevik hücum dronlarına üstünlük verməyi planlaşdırır.
Hazırda ABŞ hərbçiləri Yaxın Şərq də daxil olmaqla müxtəlif hərbi bazalarda kiçik ölçülü dronların idarə olunması üzrə təlimlər keçir. Söhbət əsasən "Bumblebee V1" və "Bumblebee V2" modellərindən gedir. Birinci model Ukraynadakı münaqişədə geniş istifadə olunan kütləvi hücum dronlarına bənzəyir. Daha inkişaf etmiş "Bumblebee V2" isə hədəfləri avtomatik müəyyən etmək və digər dronlara qarşı mübarizə aparmaq imkanına malikdir. Bununla belə, bu model hələlik rəsmi olaraq silahlanmaya qəbul edilməyib.
Məlumata əsasən, ABŞ ordusu xüsusilə İranla mümkün qarşıdurma fonunda hücum dronlarının çatışmazlığından narazıdır. Yeni yanaşmada nisbətən ucuz və effektiv kiçik dronların, əsasən raketləri ələ keçirmək üçün nəzərdə tutulan daha bahalı tutucu sistemləri əvəz etməsi planlaşdırılır.