İsveçdə Ukrayna nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb- ÖZƏL
13:45 Dünyaİsveç Silahlı Qüvvələri NATO ölkələrindən olan hərbçilərin, eləcə də Ukrayna nümayəndələrinin iştirakı ilə ən böyük milli təlim olan "Aurora 26"ya başlayıb. Olaylar.az xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti bildirib ki, "Ötən həftə bir neçə ölkədən müttəfiqlər gəldi. İndi isə İsveçin rəhbərlik etdiyi Aurora 26 təlimi başlayıb".
Nazirlik əlavə edib ki, manevrlərdə 16 mindən çox İsveç hərbi qulluqçusu, dənizçisi və zabiti, eləcə də təxminən 1500 xarici hərbi qulluqçu iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Hollandiya, Almaniya, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviyadan olan qoşunlar var. Təlimlər 13 maya qədər davam edəcək. "Vurğu həm İsveç, həm də Alyans ərazilərinin müdafiəsinə, eləcə də strateji əhəmiyyətli ərazilərin müdafiəsinin gücləndirilməsinə yönəldiləcək", - deyə nazirlik əlavə edib.
Təlimlər əsasən İsveçin cənub və mərkəzi hissəsində, Qotland adasında və Baltik dənizi bölgəsində keçiriləcək. Sakinlərə yollarda 1 km-ə qədər uzunluğunda hərbi texnika kolonlarının yarana biləcəyi barədə xəbərdarlıq edilib. Sürücülərə onları ötməyə cəhd etməmələri, geniş ictimaiyyətə isə bu günlərdə daha uzun səfərlərə hazırlıqlı olmaları tövsiyə olunur.