Hörmüz boğazı açılır? – İranın yeni planı Trampın təzyiq rıçaqlarını əlindən ala bilər
11:20 Dünyaİran rəhbərliyi ABŞ-a hərbi qarşıdurmanı dayandırmaq və Hörmüz boğazını blokadadan çıxarmaq üçün yeni, sensasiyalı təklif irəli sürüb.
Musavat.com xəbər verir ki, "Axios" nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Tehran nüvə proqramı ilə bağlı mübahisəli müzakirələri daha sonrakı mərhələyə keçirməyi və müharibəni dərhal bitirməyi təklif edib. Hazırda diplomatik prosesin çıxılmaz vəziyyətə düşdüyü və İran rəhbərliyi daxilində nüvə güzəştləri ilə bağlı vahid mövqeyin olmadığı bildirilir. Jurnalistlərin qənaətinə görə, bu təklif daha sürətli bir sazişin əldə olunmasına yol aça bilər, lakin bu variant ABŞ Prezidenti Donald Trampı gələcək danışıqlarda mühüm təzyiq rıçaqlarından məhrum edir.
Belə ki, blokadanın qaldırılması və müharibənin başa çatması Vaşinqtonun İranın zənginləşdirilmiş uran ehtiyatlarını ölkə xaricinə çıxarması və zənginləşdirməni tam dayandırması istiqamətindəki tələblərini zəiflədə bilər. ABŞ-ın üç yüksək rütbəli rəsmisi təsdiqləyib ki, Donald Tramp aprelin 27-də milli təhlükəsizlik və xarici siyasət komandası ilə məhz İran mövzusunda xüsusi müşavirə keçirəcək. Bu kritik toplantıda dalana dirənmiş danışıqlar və İranın yeni təklifinə qarşı atılacaq növbəti addımlar müzakirə olunacaq.
Hazırda Ağ Evin bu təklifə necə cavab verəcəyi və Yaxın Şərqdəki hərbi gərginliyin yaxın günlərdə azalıb-azalmayacağı dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir.