"Güclü Gürcüstan" rəsmisi: Çin şirkəti Anakliya limanını "dəfn etmək" istəyir – ÖZƏL
12:00 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Tazo Datunaşvili Anakliya limanının tikintisi ilə bağlı Çin şirkətinin irəli sürdüyü şərtləri kəskin tənqid edərək, onları "köləlik" (kabal) şərtləri adlandırıb. Siyasətçinin sözlərinə görə, artıq iki ildən çoxdur tenderdə qalib gələn Çin dövlət şirkəti layihənin icrası üçün heç bir real addım atmayıb.
Datunaşvili qeyd edir ki, Çin tərəfi Qərb investisiyalarının perspektivini məhv etmək məqsədi güdür və Gürcüstan dövlətinə sıfır mənfəət vəd edən ağır tələblər qoyur. Bu tələblər sırasına yük dövriyyəsinə dövlət təminatı, Azad İqtisadi Zonanın Çin mülkiyyətinə verilməsi və Gürcüstanın payını satın alma opsionu daxildir.
Eyni zamanda, Datunaşvili Baş nazir İrakli Kobaxidzeni xalqı aldatmaqda ittiham edərək bildirib ki, hökumətin əslində heç bir irimiqyaslı investisiya layihəsini davam etdirmək niyyəti yoxdur və Çin şirkətləri hazırda ölkədəki infrastruktur layihələrindən geri çəkilməkdədir.