Kəşfiyyat Rusiya-Avropa müharibəsi barədə xəbərdarlıq etdi
20:04 DünyaNiderland İkinci Dünya müharibəsindən bəri milli təhlükəsizliyinə ən böyük təhdidlə üz-üzə qalıb.
Olaylar xəbər verir ki, bu barədə Niderlandın xarici kəşfiyyat xidməti AIVD məlumat yayıb.
Kəşfiyyatın illik hesabatında deyilir ki, ölkə eyni anda Rusiya, Çin, kibercinayətkarlıq və terrorçu qruplaşmalardan gələn risklərlə üzləşib.
AIVD Rusiyanın Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşdığını da bildirir.
"AIVD-nin mövcud olduğu 80 il ərzində milli təhlükəsizliyin eyni vaxtda, bu qədər uzunmüddətli və bu qədər istiqamətdən təzyiq altında olduğu hal olmayıb", - AIVD-nin direktoru Simone Smit söyləyib.
Kəşfiyyat xidmətinin rəhbəri Rusiyanın Avropa ilə bağlı mövqeyini "xoşagəlməz fakt" adlandırıb.
Smit vurğulayıb ki, sabitlik və proqnozlaşdırıla bilənlik rifah və sülhün əsasını təşkil etdiyi onilliklərdən sonra xüsusi xidmət orqanı qeyri-sabit və gözlənilməz dünya nizamı müşahidə edir.
Hesabatda qeyd olunur ki, Rusiya əsasən kiberhücumlar vasitəsilə Niderland da daxil olmaqla Qərb ölkələrinə qarşı daha da aqressivləşib.
Kəşfiyyatın proqnozuna görə, Rusiya Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşır və Avropa dövlətlərinə qarşı getdikcə daha təcavüzkar olur.