Xamenei və Pezeşkian arasında gərginlik: Danışıqların pozulmasının səbəbi açıqlandı
18:33 Dünyaİran Prezidenti Məsud Pezeşkianın komandası ilə ölkənin Ali rəhbəri Müctəba Xameneinin komandası arasında yaranan fikir ayrılıqları Tehranın ABŞ ilə danışıqlar üçün İslamabada səfər etməsinə mane olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Iran International" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana getməyə hazırlaşarkən, Müctəba Xameneinin ofisindən nüvə məsələlərini müzakirə etməyi qadağan edən mesaj alınıb.
Nümayəndə heyəti aprelin 11-də keçirilən danışıqların birinci raundunda bu əmri qulaqardına vurduğuna görə töhmət alıb.
Mənbə qeyd edib ki, heyətdə yer alan İran xarici işlər naziri Abbas Əraqçi bundan sonra danışıqlarda iştirak etməyin heç bir mənasının olmadığını bəyan edərək, bu vəziyyətin bütün nəticələri ilə birlikdə müzakirə prosesi üçün faktiki olaraq "ölüm hökmü" demək olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 21-də İslamabadda keçirilməsi planlaşdırılsa da, Tehranın bundan imtina etməsi ilə baş tutmayıb.