HƏMAS atəşkəsdən sonra döyüşlərin bərpa olunmamasını tələb edir – ÖZƏL
25 İyul 12:12 DünyaOlaylar.az xəbər verir ki, Maan xəbər agentliyinin məlumatına görə, HƏMAS İsraillə aparılan dolayı danışıqlar zamanı təqdim olunan son təklifə cavab olaraq Qəzza zolağında 60 günlük mümkün atəşkəsin başa çatmasından sonra döyüşlərin yenidən başlamayacağına dair ayrıca bəndin razılaşmaya daxil edilməsini tələb edib.
Məlumata əsasən, HƏMAS bu şərtin atəşkəs razılaşmasında müstəqil müddəa kimi yer almasını israrla tələb edir. Qrup daha əvvəl də bu zəmanətin ABŞ tərəfindən verilməsini istəmişdi. HƏMAS, İsrailin 60 günlük atəşkəsin bitməsindən dərhal sonra hərbi əməliyyatlara yenidən başlamaması üçün təminat istəyir. Onların əsas tələbi budur ki, "61-ci gündə İsrail ordusu yenidən silaha əl atmasın". HƏMAS vurğulayıb ki, əgər bu müddət ərzində müharibəyə son qoyulması ilə bağlı tam razılıq əldə olunmasa belə, danışıqlar davam etməlidir.
Bundan əlavə, mənbələrin bildirdiyinə görə, HƏMAS son təkliflərə cavab olaraq yeni bir şərt də irəli sürüb: bir sıra girovların azad edilməsi müqabilində İsrail 200-ü ömürlük həbs cəzası almış, uzunmüddətli cəza çəkən fələstinlini və 2023-cü ilin oktyabrından bəri Qəzzada saxlanılan 2000 nəfəri azad etməlidir.
Daha əvvəl Qətərdə keçirilən danışıqlarda bu rəqəmlər müvafiq olaraq 150 məhkum və 1100 Qəzza sakini ilə məhdud idi.
HƏMAS-ın cavabından sonra ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff sosial şəbəkədə bəyan edib ki, Vaşinqton öz nümayəndə heyətini Dohadan geri çağırmaq qərarına gəlib. O, HƏMAS-ın mövqeyini "Qəzzada atəşkəs istəməmək" kimi qiymətləndirib və bildirib ki, ABŞ İsrailli girovların azad olunması üçün alternativ yollar axtaracaq.
İsrailin Baş naziri Benyamin Netanyahu da HƏMAS-ın cavabından sonra İsrail nümayəndə heyətinə Qətəri tərk etməyi əmr edib.
HƏMAS rəhbərliyi isə öz növbəsində Dohada keçirilən məsləhətləşmələrin gedişatını müsbət qiymətləndirib və Vitkoffun reaksiyasına təəccübləndiklərini bəyan edib.