“Avropa üçlüyü” ölkələri İrana sanksiyaların təxirə salınmasını təklif edir – ÖZƏL
25 İyul 11:34 DünyaBöyük Britaniya, Almaniya və Fransa - yəni "E3" ölkələri İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün Tehrana sanksiyaların müvəqqəti təxirə salınmasını təklif etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, söhbət bir neçə aylıq təxirə salmadan gedir və bunun həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasında qəbul olunacaq müvafiq qətnamədən asılı olacaq. Təklifin əsas şərtləri İranın ABŞ ilə dialoqu bərpa etməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığa razılıq verməsidir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai iyulun 21-də bildirib ki, Tehran ilə "E3" ölkələri arasında növbəti danışıqlar raundu iyulun 25-də İstanbulda xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcək.
Xatırladaq ki, bu il ərzində İran və ABŞ arasında beş raund danışıqlar keçirilsə də, nəticə əldə olunmayıb. Diplomatik prosesə əvvəlcə İsrailin İrana qarşı hərbi əməliyyatı, daha sonra isə ABŞ-nin İranın nüvə proqramı ilə bağlı üç əsas obyektinə endirdiyi zərbələr ciddi mənfi təsir göstərib. Hazırda danışıqları "E3" ölkələrinin nümayəndələri davam etdirirlər.