Ukraynada antikorrupsiya islahatları Qərbin yardımını təhlükəyə ata bilər - ÖZƏL
23 İyul 14:58 DünyaUkrayna tərəfindən qəbul edilən və faktiki olaraq Milli Antikorrupsiya Bürosunun (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini ləğv edən qanun, Qərb müttəfiqlərinin Kiyevə hərbi yardımı artırmaq zərurətinə şübhə ilə yanaşmasına səbəb ola bilər. Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti Avropa diplomatlarına istinadən məlumat yayıb.
"Belə addımlar Kiyev və Qərb müttəfiqləri arasında etimadı ciddi şəkildə sarsıdır", - deyə nəşrə danışan mənbə bildirib. Onun sözlərinə görə, bu qanunun qəbulu Ukraynanın Avropa İttifaqına üzvlük şanslarını azalda və Qərb ölkələrinin hərbi yardım göstərmək istəyini zəiflədə bilər. "Bu cür qərarlar Ukraynanı gələcəkdə daha da zəif edə bilər", - deyə diplomat əlavə edib.
Başqa bir Avropa diplomatı isə bildirib ki, Avropa Ukrayna hakimiyyətinin bu addımlarından ciddi narahatlıq keçirir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Ali Rada tərəfindən qəbul edilən və NABU ilə SAP-ın müstəqilliyini faktiki olaraq ləğv edən qanunu imzalayıb. Bu qanunun qəbulundan sonra Kiyev və ölkənin digər böyük şəhərlərində etiraz aksiyaları keçirilib.
Artıq 23 iyuldan qüvvəyə minmiş qanuna əsasən, Ukraynanın baş prokuroru SAP-ın prokurorlarına rəhbərlik edir. Bu da antikorrupsiya prokurorluğunu onun birbaşa tabeliyinə verir və NABU-nun araşdırmalarına təsir imkanını artırır. Qanun həmçinin NABU işlərinin digər qurumlara verilməsinə qoyulan qadağanı ləğv edir. Yeni dəyişikliklərə əsasən, baş prokuror NABU işlərini geri alaraq başqa prokurorlara yönləndirə biləcək. Ukrayna mediasının yazdığına görə, bu qanun NABU-ya, eləcə də Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyin fəaliyyətinə ciddi təsir göstərəcək.