İran: Qəzzadakı fəlakətə görə ABŞ və İsrail məsuliyyət daşıyır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi Qəzza zolağında siyonist rejimin törətdiyi dəhşətli cinayətlər nəticəsində yaranmış humanitar fəlakətin daha da dərinləşməsindən ciddi narahatlığını ifadə edib.

Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, Fələstin əhalisinin qida, su, dərman və digər zəruri ehtiyaclardan məhrum edilməsi fonunda qətliamların davam etməsi kəskin şəkildə pislənir.

Rəsmi Tehran beynəlxalq ictimaiyyəti və region ölkələrini dərhal və qətiyyətli şəkildə hərəkətə keçməyə, soyqırımı dayandırmağa və Fələstin xalqının əzablarını yüngülləşdirməyə çağırıb.

Bəyanatda vurğulanır: "Qəzzaya tətbiq olunan qeyri-insani blokada, qaçqınların sığındığı mərkəzlərin amansız şəkildə bombalanması, humanitar yardım məntəqələrinin qətliam tələlərinə çevrilməsi İsrailin və onu dəstəkləyənlərin qeyri-insani və qəddar mahiyyətini açıq şəkildə göstərir. Minlərlə günahsız insanın qida növbələrində öldürülməsi, 600-dən çox insanın aclıqdan həyatını itirməsi siyonist rejimin qəddarlığının zirvəsidir və açıq şəkildə hərbi cinayət və soyqırımı nümunəsidir."

İran XİN-in bəyanatında, həmçinin, ABŞ və İsrailin digər havadarlarının bu cinayətlərdə birbaşa məsuliyyət daşıdığı və onların məsuliyyətə cəlb olunmalı olduğu qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31