Aİ Ukraynanın antikorrupsiya orqanlarını ləğv etməsini sərt tənqid etdi - ÖZƏL
23 İyul 13:26 DünyaAvropa İttifaqı (Aİ), Ukrayna parlamentinin qəbul etdiyi və ölkənin əsas antikorrupsiya orqanlarının - Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (XAP) müstəqilliyini faktiki olaraq ləğv edən qanunu sərt şəkildə tənqid edib. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşr yazır ki, 2022-ci ilin fevralından etibarən - Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Aİ rəsmilərinin Kiyevə qarşı bu dərəcədə geniş və açıq şəkildə etiraz bildirməsi ilk dəfədir baş verir. Qeyd edilir ki, bu tənqid Aİ-nin Ukraynaya münasibətində nadir hal sayılır və yaxın günlərdə ABŞ-nin, hətta prezident Donald Trampın da bu mövqeyə qoşula biləcəyi istisna edilmir.
Xatırladaq ki, iyulun 22-də Ukrayna Ali Radası 263 səslə NABU və XAP-ın müstəqilliyini məhdudlaşdıran qanunu qəbul edib. Prezident Volodimir Zelenski artıq bu sənədi imzalayıb.
Ukrayna mediası yazır ki, yeni qanun NABU və həmçinin Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyin fəaliyyətinə ciddi təsir göstərəcək. Qanunun qəbulu Ukrayna daxilində də geniş rezonans doğurub.