“Levonu müqayisə edən deputat: Harada sən, harada Nikol Paşinyan?” - ÖZƏL
23 İyul 12:17 DünyaErmənistan parlamentinin iqtidarda olan "Vətəndaş Müqaviləsi" partiyasından olan deputatı Aren Mkrtçyan keçmiş prezident Levon Ter-Petrosyanı sərt tənqid edib. Olaylar.az xəbər verir ki, o, bu barədə şəxsi "Facebook" səhifəsində paylaşım edərək 2008-ci il 1 mart hadisələrinə toxunub.
Mkrtçyan bildirib ki, həmin vaxt Ter-Petrosyanın tərəfdarları güclü mitinq təşkil etsələr də, o, mitinq iştirakçılarını atəş altında tək qoyaraq evinə qayıdıb və ev dustaqlığına razılaşıb:
"Mitinqin iştirakçıları atəş altındaykən sən evə getdin və ev dustaqlığını qəbul etdin. Halbuki qanunla buna imtina edə bilərdin. Tərəfdarların prezidentin təhlükəsizliyini düşünürdülər. Mən isə soruşuram: Bəs Yerevanın mərkəzində asfaltda donan 10 cəsədin təhlükəsizliyi necə oldu?"
Deputat Levon Ter-Petrosyanın 1998-ci ildə prezidentlikdən istefa verməsini də tənqid edib və bu qərarı "qərarsızlığın simvolu" adlandırıb:
"Ən pis hakimiyyət qərar qəbul etməyən hakimiyyətdirsə, bəs sən niyə 3 fevral 1998-ci ildə istefa verdin? Bəlkə qərar vermək əvəzinə mitinq təşkil etməliydin? Yoxsa sənin legitimliyin yox idi, çünki 1996-cı il prezident seçkiləri saxtalaşdırılmışdı?"
Aren Mkrtçyan öz paylaşımında hazırkı baş nazir Nikol Paşinyanı tərifləyərək qeyd edib ki, o, 2018-ci ildə risk edərək xalqın mübarizəsinə öncüllük edib, məğlubiyyətdən sonra istefa versə də, seçkiləri saxtalaşdırmadan yenidən seçilməyi bacarıb:
"Nikol Paşinyan özünü və ailəsini riskə ataraq xalqın mübarizəsinə rəhbərlik etdi. Müharibədən sonra istefa verdi, lakin seçkiləri saxtalaşdırmadan yenidən xalqın etimadını qazandı."
Sonda isə Mkrtçyan sual formasında vurğulayıb:
"Levon, harada sən, harada Nikol Paşinyan..."