Paris və Berlin münasibətlərini yenidən qurmaqda çətinliklərlə üzləşir – ÖZƏL
23 İyul 12:04 DünyaFransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Mers bu axşam Berlində keçiriləcək görüşdə iki ölkə arasındakı münasibətləri yeni mərhələyə çıxarmağa çalışacaqlar. Lakin bu proses müəyyən fikir ayrılıqları səbəbindən çətinləşə bilər. Olaylar.az xəbər verir ki, bu barədə Avropa nəşri "Politico"ya açıqlamasında fransız-alman münasibətləri üzrə ekspert Ceykob Ross bildirib.
"Almaniya kansleri və Fransa prezidentinin qarşısında bir dilemma var. Xarici siyasətdə uğur qazanmaq üçün hər ikisi daxili siyasətdə əldə etdikləri uğurlardan müəyyən qədər vaz keçməlidir", - deyə ekspert qeyd edib.
Nəşr yazır ki, Makron və Mers müdafiədən tutmuş ticarət sahəsinə qədər bir çox mövzularda razılığa gələ bilmirlər. Məsələn, müdafiə sahəsində Paris və Berlin beşinci nəsil qırıcı təyyarələrin birgə hazırlanmasına dair razılaşmanı imzalamaqda çətinlik çəkiblər və Ukraynaya ABŞ silahlarının göndərilməsi məsələsində də konsensusa gələ bilməyiblər.
Ticarət sahəsində isə Almaniya ABŞ-lə ticarət mübahisəsinin tezliklə həll olunması və müvafiq sazişin bağlanmasının tərəfdarıdır. Fransa isə bu məsələdə daha ehtiyatlı mövqe tutur.
Friedrix Mers 23 iyulda Berlində Emmanuel Makronla danışıqlar aparacaq. Almaniya hökumətinin nümayəndəsi Şteffen Mayerin sözlərinə görə, görüş zamanı Avropa və beynəlxalq siyasətin aktual məsələləri müzakirə olunacaq.