Yaponiya Baş naziri istefa şayiələrini təkzib etdi - ÖZƏL
11:42 DünyaYaponiya Baş naziri Siqeru İsiba bəzi yerli media orqanlarında yayılan istefa planları ilə bağlı xəbərləri təkzib edib. Olaylar.az xəbər verir ki, onun rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) və koalisiya ortağı "Komeyto" iyulun 20-də keçirilən seçkilərdə parlamentin yuxarı palatasında çoxluğu itirdikdən sonra bu cür şayiələr güclənmişdi.
"Keçmiş baş nazirlər Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüş zamanı istefa məsələsi gündəmdə olmayıb. Bəzi KİV-lər bu barədə məlumat yayıb, lakin mən heç vaxt belə bir bəyanat verməmişəm. Bu xəbərlər həqiqəti əks etdirmir", - deyə İsiba jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, bundan öncə Mainichi qəzeti İsibanın avqustun sonunadək istefa verəcəyini yaxın çevrəsinə bildirdiyini yazmışdı. Kyodo agentliyi isə LDP-dən yüksək vəzifəli mənbələrə istinadən onun istefasını "qaçılmaz" adlandırmışdı. Yomiuri qəzeti isə İsibanın iyul ayında istefa verə biləcəyini iddia etmişdi.
Xatırladaq ki, bu, İsiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyətidir. 2024-cü ilin payızında keçirilən seçkilərdə də LDP və "Komeyto" parlamentin aşağı palatasında çoxluğu itirmişdi. Həmin vaxt müxalifət daxilindəki parçalanmadan istifadə edən hakim blok azlıq hökuməti formalaşdırmağa nail olmuşdu.
Son seçkilərin nəticələri elan edildikdən sonra İsiba vəzifəsini tərk etmək niyyətində olmadığını açıqlayıb. O, ABŞ-lə davam edən danışıqları əsas gətirərək baş nazir postunda qalmaq istədiyini bildirib. ABŞ Prezidenti Donald Trampın çərşənbə günü Yaponiyayla bağlı razılaşmanı elan etməsindən sonra İsiba, gələcək addımları barədə qərar vermək üçün iqtisadi bərpa naziri Ryosey Akadzavanın hesabatını gözlədiyini bildirib.