İran: “Nüvə silahı istəmirik, ancaq uranı zənginləşdirməyə davam edəcəyik” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian "Al Jazeera" telekanalına verdiyi müsahibədə bildirib ki, İranın məqsədi nüvə silahı əldə etmək deyil, lakin ölkə uranın zənginləşdirilməsini beynəlxalq hüquqa uyğun şəkildə davam etdirəcək.

"Biz nüvə silahına sahib olma ehtimalını tamamilə rədd edirik - bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir", - deyə Pezeşkian qeyd edib. O əlavə edib ki, İran öz ərazisində uranı beynəlxalq normalar çərçivəsində zənginləşdirməkdə davam edəcək.

ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməməli olduğu ilə bağlı bəyanatını şərh edən Pezeşkian deyib: "Biz bu fikirlə razıyıq. Nüvə proqramımızın məhv edildiyi iddiası isə xəyaldır, çünki potensialımız obyektlərdə yox, alimlərimizin zehnindədir".

Pezeşkian onu da bildirib ki, nüvə proqramı ilə bağlı istənilən danışıqlar bütün tərəflərin maraqları nəzərə alınmaqla aparılmalı və İrana qarşı təhdidlər qəbuledilməzdir.

Qeyd edək ki, 2025-ci ildə İranla ABŞ arasında keçirilən beş raundlu nüvə danışıqları nəticəsiz başa çatıb. Buna səbəb İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi olub. Paralel olaraq "Avropa üçlüyü" (Almaniya, Fransa, Böyük Britaniya) ilə aparılan danışıqlar da razılaşma ilə nəticələnməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31