Almaniya terror və casusluq fəaliyyətinə görə cəzaları sərtləşdirir - ÖZƏL

Almaniya hökuməti ölkə ərazisində mümkün terror və xarici dövlətlərə işləyən agentlərlə mübarizəni gücləndirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki,  Bild qəzetinin hökumət daxilindəki mənbələrə istinadən verdiyi məlumata görə, ədliyyə naziri Ştefani Hubiq bu məqsədlə yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsinin artıq 2025-ci ilin payızında qəbul olunacağı gözlənilir.
Layihədə bir sıra yeni və sərt tədbirlər nəzərdə tutulur. Belə ki, Almaniyaya terror aktı törətmək məqsədilə daxil olmaq artıq cinayət məsuliyyəti daşıyacaq. Məsələn, hərbi hazırlıq keçmiş silahlı qrupun ölkəyə konkret terror aktı üçün gəlişi cinayət kimi qiymətləndiriləcək.
Bundan əlavə, qanun layihəsində "təhlükəli əşya" və ya avtomobil vasitəsilə terror aktına hazırlıq da cinayət hesab olunacaq. İndiyədək Almaniya Cinayət Məcəlləsində bu tip hallar ayrıca maddə ilə tənzimlənmirdi. Yeni layihə, məişət əşyaları - məsələn, avtomobil və ya bıçaqla törədilən hücumların artan təhlükəsinə cavab olaraq, bu cür hazırlıq mərhələsindəki əməlləri də cəzalandırmağı hədəfləyir.
Qanun layihəsi həmçinin Almaniyada yaşayan şəxsləri və ya təşkilatları izləyən xarici xüsusi xidmət orqanlarının agentlərinə qarşı nəzarəti gücləndirməyi və onlara qarşı cəzaları sərtləşdirməyi də nəzərdə tutur.
Qanun layihəsinin sentyabrın əvvəlində Almaniya hökumətində, daha sonra isə payızda Bundestaqda müzakirə olunacağı bildirilir. Ədliyyə naziri Ştefani Hubiq qeyd edib ki, Almaniya yeni təhdidlərə uyğun olaraq cinayət qanunvericiliyini yeniləmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31