Makron: ABŞ-ın çıxmasına baxmayaraq, Fransa YUNESKO-ya dəstəyi davam etdirəcək - ÖZƏL
22 İyul 18:18 DünyaABŞ-ın YUNESKO-dan bir daha çıxmaq qərarına baxmayaraq, Fransa bu təşkilata dəstəyini davam etdirmək niyyətindədir.
Olaylar xəbər verir ki,bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
"Elm, okean, təhsil, mədəniyyət və dünya irsinin ümumbəşəri müdafiəçisi olan YUNESKO-ya sarsılmaz dəstəyimizi davam etdiririk. ABŞ-ın təşkilatdan çıxması bizim bu dəyərlərə və onları müdafiə edənlərə sadiqliyimizi zəiflətməyəcək," - deyə o, X sosial şəbəkəsində yazıb.
İyulun 22-də Ağ Ev ABŞ prezidenti Donald Trampın ölkəsinin YUNESKO-dan çıxmaq qərarını verdiyini açıqlayıb. Vaşinqton bu qərarı təşkilatın guya ABŞ-ın maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləməsi ilə əsaslandırıb.
Qeyd edək ki, ABŞ YUNESKO-dan ilk dəfə çıxmır: 1984-cü ildə prezident Ronald Reyqan administrasiyası da təşkilatı tərk etmişdi. Həmin vaxt əsas səbəb kimi YUNESKO-nun "həddən artıq siyasiləşməsi" və "büdcədən qeyri-rasional istifadəsi" göstərilmişdi. ABŞ 2003-cü ildə təşkilata qayıtmışdı. Lakin Tramp 2018-ci ildə prezidentliyinin birinci dövründə ABŞ-ı yenidən YUNESKO-dan çıxarmışdı. Bu dəfə səbəb kimi ABŞ-ın təşkilatda artan borclanması, fundamental islahatlara ehtiyac və YUNESKO-da "anti-İsrail qərəzinin davam etməsi" göstərilmişdi. ABŞ sonuncu dəfə 2023-cü ildə təşkilata geri dönmüşdü.
İbrahim Məmmədli